METANET AZIZGIZI, AZERB. ÜNIV. ARASTIRMA GÖREVLIS

MƏTANƏT ƏZIZ QIZI ƏLIYEVA
AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETININ BÖYÜK ELMI IŞÇISI

ŞAH ISMAYIL XƏTAYI: “Birlikdir muradım”.

XV yüzilliyin sonlarına doğru Azərbaycanın Ağqoyunlular Dövləti sarayında daxili çekişmələrin güclənməsi mərkəzi hakimiyyəti zəiflətdi. Bir tərəfdən Ağqoyunluların zəifləməsi, digər tərəfdən isə Azərbaycanın qüzeyinin önəmli bir qismində mövcud olan Şirvanşahların çox da güclü bir dövlətə çevrilə bilməməsi, hətta ətrafı ilə birgə Şəkinin ayrıca hakimiyyətə malik olması və s. bütün Azərbaycan ərazisində mərkəzləşmiş vahid dövlət ehtiyacını günbəgün artırırdı. Bu baxımdan, Azərbaycan türklərinin aparıcılığı və Anadoludan gəlmiş Turkmən tayfalarının fəal iştirakı ilə qurulan Qızılbaş-Səfəvi Dövləti Azərbaycanın vahid mərkəzi dövlətinin bərpasında çox önəmli bir addım oldu. Təsadüfi deyil ki, Mirzə Abbaslının yazdığı kimi, o dövrün bir sıra Avropa qaynaqlarında Şah Ismayılın hakimiyyətindən “Midiya dövləti “, hakimiyyət yerlərindən isə “Midiya torpağı “ olaraq bəhs edilməkdə idi.
Az sonra Səfəvilər Dövləti böyüyüb imperiyaya çevrilsə və öz tərkibinə çeşidli xalqları qataraq nisbətən vahid bir qızılbaş toplumu yaratsa da, onun təməlində o dövrün təbiri ilə desək, “Məmləkəti-Azərbaycan “ durur və dövləti məhz türklər idarə edirdi. Ona görə də, türklərə məxsus Azərbaycan Səfəvi Dövlətini farslara məxsus bir Iran dövləti kimi qələmə vermək qətiyyən doğru sayıla bilməz və bu, gerçəkliyin bilərək təhrif edilməsindən başqa bir şey deyil. Bu şüurlu təhrifdə bir tərəfdən Azərbaycan türklərinə məxsus Qacar Dövlətinin yıxılması və 1925-ci ildə fars Pəhləvi-Iran dövlətinin yaranması, digər tərəfdən isə rus və fars şovinizminin Azərbaycan türklərində dövlətçilik şüurunu yıpratmağa, məhv etməyə çalışması çox ciddi rol oynamışdır.
Əgər Səfəvi Dövləti gerçəkdən də bir fars-Iran dövləti idisə, o zaman haqlı olaraq ortaya sual çıxır: Osmanlı Dövləti yerində Türkiyə Cumhuriyyəti qurulduğu və Osmanlı tarixi Türkiyə türklərinin tarixi sayıldığı kimi, Qacar Dövləti yerində də Azərbaycan Cumhuriyyəti yaransaydı, o zaman Qacar, Əfşar, Səfəvi dövlətlərinin tarixi birbaşa Azərbaycan türklərinin tarixi sayılmayacaqdımı? Şübhəsiz ki, sayılacaqdı və Səfəvilər fars-Iran tarixinə daxil bir dövlət kimi yox, məhz türk Azərbaycan tarixinə aid bir dövlət kimi tanınacaqdı. Deməli, Səfəvi Dövlətinin etno-coğrafi kimliyi tarixi gerçəklik və ya elmi obyektivlik baxımından deyil, yalnız siyasi mulahizələrdə yola çıxılaraq fars-Iran təməlinə bağlanılır. Əslində isə 1925-ci ilə qədərki Qacar, Əfşar və Səfəvi dövlətləri məhz Azərbaycan türk dövlətləri, yaxud imperiyaları idi.
Hətta bəzən Səfəvilərin I Şah Abbasa (hakimiyyət illəri; 1587-1629) qədərki dövrünü Azərbaycan Dövləti, onunla başlayan dövrü isə Iran Dövləti adlandıranlar da az deyil. Ona görədir ki, I.P.Petruşevski Azərbaycan Dövlətinin Iran Dövlətinə çevrilməsi prosesinin hələ XVII əsrin əvvəllərində başladığını və 1925-ci ildə Pəhləvi sülasəsinin hakimiyyətə gəlməsi ilə sona yetdiyini irəli sürürdü. Əslində isə həmin proses I Şah Abbasın islahatları səbəbinə köçəbə (bozqır, elat) mədəniyyətli yarımkəçəri türklərlə yanaşı Səfəvi Dövlətində zorla islamlaşdırılmış müxtəlif mənşəli qulamlardan və qismən də farslardan istifadə edilməsi prosesi idi. Osmanlı sarayındakı dönmə və devşirmələrlə eyni mahiyyət daşıyan bu qulamlardan, yaxud məhdud sayda farslardan dövlət işlərində istifadə edilməsi qətiyyən dövlətin təməlini dəyişmirdi. Osmanlı dönmə və devşirmələri dövlətin türklərə məxsus olmasını inkar etmədiyi kimi, Səfəvi qulamları və sarayda görəv almış bəzi farslar da dövlətin Azərbaycan türklərinə aidliyini inkar edə bilməz.
Dövrün Osmanlı tarixçisi Şah Ismayılın taxta çıxması ilə bağlı yazırdı:

Başına tac aldı, çıxdı ol pəlid
Etdi bi-idrak ətrakı mürid
(Yəni o odun başına tac qoydu və idraksız türkləri mürid etdi).
Səfəvi sarayında olan şair Tüfeyli şerlərinin birində Şah Ismayıla “türki-tacdar “-deyə müraciət edirdi. Mirzə Abbaslı yazır ki, Sultan Səlim “…savaşa çağıran bütün rəsmi sənədlərində Şah Ismayılı bir yandan “Zəndəqə ilə Ilhadı” “- Xürrəmiliklə Məzdəkiliyi birləşdirməkdə, o biri yandan da “Turançılıqda - əfsanəvi Turan hökmdarının yerini tutmaqda, “Əfrasiyabi-əhd “ (zəmanənin Əfrasiyabı) olmaqda ittiham etmişdir “.
I.H.Danişmend Şah Ismayılı “milliyetçi türk “ adlandırır və yazır: “Kurduğu imparatorluk teşkilatı siyasi şüur itibariyle de milliyetçiliyini gösterir “.
Təbii ki, Şah Ismayil Xətayinin türkçü olmasından, türkə söykənərək bir türk imperiyası qurmasından və bütün varlığı ilə türklüyü yüksəltməyə çalişmasından çox danışmaq olar. Ancaq indiyədək üzərində az durulmuş bir məsələni ayrıca vurğulamağı gərəkli bilirik. O da Şah Ismayılın Azərbaycanı vahid mərkəzi dövlət daxilində birləşdirməyə tam şüurlu bir şəkildə yanaşması məsələsidir.
Öz təriqət şerlərinin birində Ş.I.Xətayi yazır:
Ikilik pərdəsi yoxdur özümdə
Birlikdir muradım özüm sözümdə
Burada dini-məzhəbi hədəf güdülməklə yanaşi, həm də Ş.I.Xətainin dünyagörüşü, məsələlərə yanaşma tərzi və s. öz əksini tapmışdır. Heç şübhəsiz ki, böyük hökmdar-şairin birlik muradına daxil məsələlərdən biri də Azərbaycanın birliyi idi. Məmməd Əmin Rəsulzadənin “Azərbaycan türk ədəbiyyatının bir növ akademiyası” “ adlandırdığı Ş.I.Xətayi sarayında Şirvanlı Həbibinin məliküs-süəara təyin edilməsi də məhz bu baxımdan dəyərləndirilməlidir. Elə ona görə də, Ş.I.Xətayinin qurduğu Səfəvi Dövləti səbəbinə Azərbaycanda vahid siyasi sistem, ərazi bütünlüyü, iqtisadi birlik, din-məzhəb eyniliyi və s. yarandı, eyni zamanda, bu birlik ve bütünlüyün şüurlu dərki ön plana çıxarıldı. Bu baxımdan, Ş.I.Xətayinin “Bağdaş qurub otursa nigarım fəğan qopar“ misrası ilə başlanan qəzəlinin aşağıdakı beytinə diqqət yetirək:
Şirvan xelayüqü qamu Tebrizə daşına
Mülk-i- Əcəm sorar kim, qiyamət xaçan qopar?
Bəllidir ki, Firdovsinin uydurduğu “Iran“ adı yalnız XX yüzildə rəsmən qəbul edilmişdir və istər Osmanlı sənədlərində, istərsə də Azərbaycan qaynaqlarında bu mənada daha çox “Mülk-i-Əcəm “ (Əcəm mülkü) adı işlədilmişdir. Ona görə də, yuxarıdakı beyti belə açıqlamaq olar: Şirvanla Təbrizin (indiki anlamda: Azərbaycanın quzeyi ilə güneyinin) birləşəcəyi gün Əcəm mülkü (indiki anlamda; Iran) üçün qiyamət günüdür!
Şübhəsiz ki, bu beyt Bütöv Azərbaycan ideyasının əks olunduğu ilk tarixi vəsiqələrdən biri sayıla bilər. ƏdəbiyyatN.Səfərli. Səfəvilər dövləti: hakimiyyət və idarəçilik orqanları. “Hüquq ədəbiyyatı” Nəşriyyatı. Bakı, 2000.O. Əfəndiyev. Azərbaycan Səfəfilər Dpvləti. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.Ş. İ. Xətayi. (Məqalələr toplusu). Elm nəşriyyatı. Az.E.A. Nizami adına Ədəbiyyat İnstitutu.Bakı, 1988.Ş.İ. Xətayi. Şeerləri iki cilddə. Azərnəşr. Bakı, 1976.Əzizağa Məmmədov. Ş. İ. Xətayi. Uşaqgəncnəşr, 1988.
6. Ş.İ. Xətayi. Divan. İstanbul, 1956.


Druckbare Version