METANET AZIZGIZI AZERB. ÜNI. ARASTIRMA GÖREVLISI
FUZULi

MƏTANƏT ƏZİZQIZI ƏLİYEVA

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD
UNİVERSİTETİNİN “İQTİSADİ-İNFORMATİKA”
ELMİ-TƏDQİQAT LABORATORİYASININ
BÖYÜK ELMİ İŞCİSİ


Azərbaycan Səfəvi Dövlətinin vətəndaşı türk mütəfəkkiri Məhəmməd Fizuli

Bəşər ictimai-bədii fikir tarixində müctəsna yeri olan, Türk Dünyasının görkəmli şəxsiyyətlərindən sayılan və on dörd yaşından Azərbaycan Səfəvi Dövlətinin ərazisində yaşayan Məhəmməd Fizuli 1494 –cü ildən 1556-cı ilə qədər böyük bir həyat yolu keçmişdir. Valideynləri Əmir Teymurun işğalı zamanı Azərbaycanın qərbindən köç edən Məhəmməd Fizuli Kərbalada doğulmuş, Nəcəfdə və Bagdadda yaşayıb- yaratmışdır. Soy şəcərə tarixi Oğuz türklərinin Bayat boyuna mənsub olan mütəfəkkir, zamanın tələbinə uyğun olaraq öz ana dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilmiş, xəlifə əl-Məmnunun hakimiyyəti dövründə yaradılmış elmi tərcümə mərkəzinin kitabxanasından geniş yararlanmışdır.
Məhəmməd Fizulinin həyat və yaradıcılığını tədqiq edən S. Əliyev yazır ki, “Fizuli dünyanı üç ölçüdə dərk və təsdiq etmişdir: bütün bəşəriyyət, islam aləmi, türk dünyası. Və hər üçünü də bir-birinə bağlı vahid əza kimi eyni diqqət və riqqətlə təsvir etmişdir” (1,səh.190). Fizulinin ən böyük dahiliyi məhz bu üç ölçünü bir-birinə bağlamasındadır.
Məhəmməd Fizuli bütün bəşəriyyət ölçüsünü yunan və şərq fəlsəfəsinə yiyələnərək qazanmışdır. Mütəfəkkir antik yunan fəlsəfəsindən başlayaraq, hind riyaziyyatı, təbiətşunaslıq, tarix, məntiq və s. elmlərdən təhsil almış, fəlsəfədə ən nüfuzlu cərəyan sayılan Şərq peripatatizmindən (ari stotelizmi) xüsusilə bəhrələnmişdir. “Ənisü – qəlb” əsərində yunan filosoflarından Fales, Anaksaqor, Empedokl, Aristotel və digərilərinin adlarini çəkmiş, “Həft Cam” əsərində doqquz planetin olmasindan, “Leyli və Məcnun” əsərində isə göy cisimlərinin fırlanmasından bəhs etmişdir. Əl Kindi, Əl Fərabi, İbn Sina, Bəhmənyar, Nəsirədin Tusi, İbn Reşd kimi Şərq filosoflarının və Əfzələddin Xaqani, İmaməddin Nəsimi, Nizami Gəncəvi kimi filosofların əsərlərinə müraciəti, şairin poeziya aləmində ensklopedik zənginlik yaratmışdır. Aristotelin varliq haqda fəlsəfəsinə dayanaraq allahın ilk yaratdığının “əql” olduğunu qəbul etmiş, lakin Şərq fəlsəfəsindən həyatın dünya nuru ilə canlandığını və onun “eşq” adlandırıldığını da mənimsəyərək onlar arasında vəhdət yaratmışdır. Əzəli ilahi nurun varlığına nufuz etməsilə bütün mövcudatın meydana gəldiyinə əsaslanan panteizm (bütün varlıqlar allahdır) nəzəriyyəsi şairin yaradıcılığında xüsusi ilə eşq fəlsəfəsi kimi yer tutmuşdu.
Fizuli yaradıcılığı rasionalizmin panteistlə vəhdəti üzərində qurularaq kainatı yaradıb dəyişən eşqi tərənnüm etməkdədir. Qaynağı Fərabi fəlsəfəsindən alınmış bu vəhdətlikdə şair, sufi dunyagörüşünü də bacarıqla əks etdirmişdir. Şair Şərq panteist fəlsəfəsində mühüm yer tutan dörd ünsürü eşqlə əlaqələndirərək bildirmişdir ki, yaranan hər şey sonradan tərkib hissələrinə parçalanır və bu parçalanmada itir, eşq qüvvəsilə yenidən birləşib başqa bir eşqi əmələ gətirir. Aşağıdakı misralarda bunu belə izah etmişdir: Məcnun oda yandı şöleyi-ahilə pak,
Vamiq suya batdı, eşqdən oldu həlak,
Fərhad həvəs ılə yenə verdi ömrün,
Xak oldu onlar, mənəm indi ol xak (2, səh.396).

Göylə yeri bir-birilə vəhdətdə birləşdirən Fizulinin eşq fəlsəfəsində göy cisimləri varlığın atası, yer cisimləri isə anası adlandırılmışdır. Bu baxış Türkün qədim tarixi abidəsi olan “Gül Tigin”de yazılmış, “Kainatın və insanların yaranması” haqqındakı şumer rəvayətlərində An(Göy) və Ki(Yer) övladı Törata və qutsal kitablardan sonuncusu olan “Quran”da torpaq və nəfəsin vəhdətindən Adəmin yaradilmasi kimi göstərilmişdir. Sufizm cərəyanında bu daha aydin açıqlanaraq ruhun ölməzliyi adlandırılmışdır. Ruh ölmür yenidən başqa bir bədənlə dunyaya qayıdır. Burdan görürük ki, Fizuli yunan və Qərb fəlsəfəsindən qaynaqlansa da, Şərq fəlsəfəsinin bilicisi olaraq türk təfəkkür sisteminə malik bir dahi olmuşdur.
İslam aləminə baxışını tədqiq edərkən mütəfəkkirin “Həqiqətüs-süəda” əsərini yada salmaq kifayətdir ki, bu əsər Məhəmməd peyğəmbər (s.s) və onun əsabələrinə aid edilərək yazılmışdır. Digər əsərlərin tədqiqindən görünür ki, Fizuli müsəlman dininin şiyə təriqətinə daha cox yaxin olmuşdur və sufizm cərəyanına mənsub dünyagörüşü onun əsərlərində öz dərin mənasını əks etdirməkdədir. İslamda xoşgorülük, bərabərlik anlayışı, Bektaşilik təriqətindəki Tanrının “qul haqqı ilə hüzuruma gəlməyin” buyurması, Cəm ayinlərindəki çərab və ya şərbət içimi və s. şairin şerlərində elə ustalıqla verilmişdir ki, burda o, özünün Vahid İnsan anlayışına tapındığını ortaya qoymuşdur. Dahi sənətkar İslam elminin gözəl bilicisi oldugunu, cəmiyyət qanunları ilə Tanrının yaradılış qanunları arasındakı fərqin geniş izahını vermişdir. S. Əliyev yazır ki, şair “küfrlə imanın, idbarla iqbalın məhz ictimai törəmələr olduğuna inanır, məscidlə meyxanəni “birləşdirirdi”” (1, səh.190).Aryı bilmişsən Fizuli, məscidi meyxanədən,
Səhv imiş ol kim, səni biz əhli-ürfan bilmişiz “ deyən şair ictimai qanunlarin yaratdığı bərabərsizliyə qarşı çıxaraq onun ictimai şüurun məhsulu olduğuna inanmış və Tanri qanunlarındakı “bərabərlik” prinsipinin ictimaiyyətə tətbiqinə çalışmışdır. Məscidlə meyxanəni bir araya gətirən şair, məhz bunları bir-birindən ayiran şər qüvvələr olduğunu iddia etməkdədir.
Türk dünyası ölçüsü. Böyük türk filosoflarının, Azərbaycan türk ədəbiyyatının akademiyası sayılan Xətayi sarayının, bu sarayın Şeyx Səfi kitabxanasının və eləcə də bu sarayda yaşayıb-yaratmış Həbibi, Qurbani, Tüfeyli, Süruri, Matəmi, Qasimi kimi sənətkarların Fizuli yaradıcılığında türk dilinin inkişafına böyük təsirləri olmuşdur.
İbnül Esiv’in al- Kamilin “fi‘l – Tari’xi” və Əhməd bin Mahmudun “Səlcuknamə”sində göstərilən, 1027-ci il Türklərin Belh (Belk) qurultayında qəbul edilmiş “əlifbanın dəyişdirilməsi” qərarının nəticəsi olaraq türklər əlifbasını dəyişərək qutsal kitab “Quran”ın qələmə alındığı ərəb əlifbasını asas götürmüşlər (3, səh 88). O zamandan da dahi türk mütəfəkkirləri ərəb əlifbası ilə yazıb-yaratmış və qaynağı ərəb əlıfbası olan fars dilindən də bəhrələnmişlər. Lakin buna baxmayaraq bir cox yaradici insanlar yaratdıqları əsərlərində ana dilində kəlimələrdən istifadə etməyi unutmamışlar. Azərbaycan Səfəvi Dövlətinin yaranması və İslam elminin öyrənılməsi nəticəsində millətin özünə məxsus əsas dəyərlərindən biri kimi dilin inkişaf məsələsi ortaya çıxdı. Həmin dövrdə Şah İsmail Xətayinin türkcə “Divan”ı və bir sıra əsərlər yazıldı. Azərbaycan xalqına “Səfəvi Akademiyası”nın ən gözəl ərməğanı nəşr yaradıcılığının inkişafı oldu. Azərbaycan milli bədii nəsrimizi zənginləşdirənlərdən biri olan Məhəmməd Fizuli türk dilində ərəb əlifbası ilə, 600 səhifə həcmində “Həqiqətüs-süəda” əsərini yazdı. Tədqiqatçıların fikrincə bu əsər, Əbülmüzəffər Sultan Süleyman ibni Sultan Səlim xana ithaf edilib. “Həqiqətüs-süəda” Fizulinin ən böyük və ona şöhrət gətirən ilk nəsr nümunəsi olduğuna baxmayaraq, bir çox alimlər, yazıçı və şairlər tərəfindən hücuma məruz qalmışdır. Fars və rus şovinist siyasəti ədəbiyyatımızda da bir çox təhriflər aparmış və saxta yazılan tarixin saxta mədəniyyətinin nümunələrini də yaratmağı unutmamışlar. Tarix saxtalaşdırılaraq Səfəvi Dövləti İran dövləti kimi təblığ olunduğu kimi, bu dövlətin böyük mədəniyyət nümunəsi olan nəsrimizin ilk qaranquşu “Həqiqətüs-süəda” əsəri də fars ədəbiyyat nümunəsi kimi təqdim edilmişdir.Təəssüflü haldır ki, H. Araslı, Ə. Səfərli, Ə. Məmmədov, M. Cumbur, F. Qasımzadə kimi alimlərimiz bu şovinist siyasətin qurbanı olaraq, Fizulinin bu əsərini tərcümə adlandırmış və onu XV yüz ildə Əlişir Nəvai ilə bir dövrdə yaşayıb-yaratmış, mili kimliyinin tədqiqata ehtiyacı olan (bəzi almlər tərəfindən fars adlandırılan) Hüseyn Vaiz Kaşifinin farsca yazdığı “Rövşətüs –süəda” əsərinin tərcüməsi olduğu iddia edilməkdədir. Halbu ki, bu əsər Məhəmməd ibn Hüseyn Nisatı tərəfindən xüsusi sifarişlə “Sühədatnamə” adı altında türkcəyə cevrilmişdir.
“1608-1657-ci ildə yaşamış məşhur türk alimi Mustafa Katib Çələbi mühüm elmi əsərlərindən “Kəşf üz zünun...”da Fizulinin əsəri haqda yazır: “Həqiqştüs-süəda” Bağdadlı Məhəmməd ibn Süleyman Fizulinin türkcə yazilmiş əsəridir...”Rövzətüs-süəda” və Kərbala hadisələrinə aid qeyri kitablardan istifadə edilmişdir” Seyyid Əzim Şirvani yazırdı: “Əvvəl “Həqiqətüs-süəda” nəsri-türkdür ki, ənbiyayi-izam və övliyayi giramın məcayibi ibtilası bəyanındadır” (1, səh. 70- 71).
F.B. Köçərli, M. Sultanov, S. Əliyev və başqaları bu əsərin, Fizuliyə məxsusluğunu sübuta yetirən bir sıra tədqiqatlar aparmışlar. Türk dilində yazmağı M. Fizuli böyük şərəf saymış və öz arzularını belə ifadə etmişdir:
Qəzəl de ki, məşhuri dövran ola,
Oxumaq da, yazmaq da asan ola.T. Hacıyev öz tədqiqatlarında yazır ki, “Şair qəzəli bilik sahiblərinin sənəti hesab edərək, onu oxucunun başa düşdüyü öz ana dilində yazılmasını arzu edir”. “Yazmaq da asan ola” istəyi isə bizim fikrimizcə, şairin öz ana dilinin əlifbasinda (Belh qurultayina qədərki türk əlifbasında) yazmaq arzusudur ki, bu məsələ böyük mütəfəkkiri narahat etməyə bilməzdi. Fizulinin öz dilinə vurğunluğu haqda T. Hacıyev yazır: “Molla Pənah Vaqifin dilindən fərqlənmir. Hərəkətə şirin demək (“Leyli-Məcnun”da “şirin hərəkətli” təyini) ədəbiyyat işi deyil, qeyri-adi bağlamdır, belə deməyə ancaq xalqın gücü çatar və xalq indi də deyir (4, səh. 63).
M. Fizuli mərkəzləşmiş Azərbaycan Səfəvi Dövlətinin daha qüdrətli və ədalətli idarə olunmasını arzulamış, xəyallarını əsərlərində gerçəkləşdirmışdir. Dövlətin cəmiyyətdə baş verən intizamsızlıqların qarşısını almaq üçün bir vasitə olduğunu deyən mütəfəkkir, öz fikrini şerlərinin birində belə ifadə etmişdir: Hökmdür hökm ki, dünyaya verən ziyba-nizam,
Hökmdür hökm ki, din rəsmini eylər əhya.
Hökm gər olmasa dünyayə salır zülm fəsad,
Hökm gər olmasa bulmaz həsəqü-mülk bəqa (5, səh 162).Şairin bir çox şerlərində hakimiyyəti tənqid etməsi, xüsusilə “Şikayətnamə”sində rüşvətxorluq və s. haqda şikayətləri mövcud hakimiyyətə qarşı deyil, feodal siyasi quruluşuna qarşı olan bir etiraz idi. Məhz buna görə də o, ədalətli dövlət qurmaq haqda düşünürdü. “Mətləül-etiqad” əsərində göstərirdi ki, “bəşər cəmiyyəti insanın bədəni və onun əqli ilə müqayisə oluna bilər” (səh. 50-51). Cəmiyyəti fərdlər birliyi deyil, ayri-ayrı zümrələrin məcmusu kimi anlayan şairin yeni dövlət quruluşu axtarışında olduğu digər fikirlərində də, aydin görünməkdədir.Şair, ölkəni idarə edən din və dövlət xadimləri arasında müəyyən bir əlaqə görərək, cəmiyyətin yaşamasını onu idarə edən rəhbərliyin mövcudluğunda axtarsa da, insanlar arasindakı qeyri-bərabərliyi haqsızlıq hesab edirdi. Şair “Ründü-zahid” əsərində yazırdı ki, “məxluqun məxluqa ibadəti layiq deyildir. İnsanın insandan üstün tutmaq mərifət deyil və bu nə gədanın rütbəsinə, nə də padşahın rütbəsinə layiq deyildir”.(6, səh. 33) Tədqiqatlardan görünür ki, M. Fizuli daha ideal bir dövlət arzusunda olduğu üçün dövründən hər zaman şikayətçi olmuşdur. Bunu Şah İsmayıl Xətayiyə həsr etdiyi “Bəndü-badə” əsərindən də aydın görmək olur:Məclisəfruzi-bəzmigahi-Xəlil
Cəmi-əyyam, Şah İsmayıl
Ondan asudədir ğəniyyü gəda,
Xəllədəllahü mülkəhü əbəda (7, səh 29)“Ondan asudədir qəmiyyü gəda” deyən şair Azərbaycan Səfəvi Dövlətinin şahını ədalətli hökmdar kimi qiymətləndirmişdir. O, şahından razı olduğu ölkəsinin quruluşunu feodal quruluşdan fərqli bir quruluşda görmək istəmişdir ki, bu quruluş da demokratiyadır.T. Hacıyevin yazdığı kimi şair bu qruluşu “Leyli və Məcnun” əsərində yarım alleqorik formada göstərilmişdir. Burda cəmiyyət heyvanlardan (dədü damdan), hökmdar isə insandan (Məcnun) ibarət olmuşdur.Məcnun idi mülki dərd (hakimiyyət) şahıMəcnunun İbn Sinanın ölümünə ağlamasını T. Hacıyev belə izah etmişdir: “bu davranışlar humanistliyin ən yüksək şəklidir, bu demokratiyadan da uca bir hissdir”(4, səh 68).
Belə böyük hisslərə sahib olan insanın arzuladığı dövlət qruluşu məhz turkün yaşayış forması olan demokratiya olmalı idi. Bu isə dövlətini qüdrətli, millətini azad görmək arzusu idi.
Eyni zamanda şair millətinin övladlarini da cahil görmək istəməmiş, onların şəxsiyyət kimi yetişməsində tərbiyə və əxlaqın böyük rol oynadığını izah etmişdir. “Rindü-Zahid” əsərində ruhun tərbiyə vasitəsi ilə canlandığını, “Mətləül-etiqad” əsərində isə ruhun ana bətnindən başlayaraq təbii inkişafını və insanın mənəvi istiqamətini şərtləndirdiyini söyləmişdir. Alim, insanın öz-özünü tərbiyə etməsinə xüsusi diqqət verərək, uşaqla “mərtəbeyi-tifliyyatdan məşğul olunmalıdır” deyirdi.
Dahi türk mütəfəkkiri M. Fizuli Azərbaycan Səfəvi Dövlətinin layiqli vətəndaşı olaraq öz millətini dünyaya tanıdan böyük irs qoyub getmişdir ki, hələ də bu irs bütövlükdə öyrənilməmişdir. Bu gün Müstəqil Azərbaycan Dövlətinin alimlərinin vəzifələrindən biri Fizuli irsini yenidən araşdıraraq təhrif olunmuş və üzə çıxmayan nümunələrini gələcək nəsillərə çatdırmaqdır.
ƏDƏBİYYATSabir Əliyev. Fizuli ( nəzəri-bədii düşüncələri). Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1996. M. Fizuli. Əsərləri. Ic. Bakı, 1958. Erol Toy “Alevi Bektaşilik Üzərinə Türk yurdu” dərgisi. 12.12. 1994.sayı 88. T. Hacıyev. Fizuli: dil sənətkarlığı. “Gənclik” nəşriyyatı. Bakı, 1994.
Fizulinin əsərləri. IV cild. Bakı, 1961, səh 162, R.M.s.39)
R. Məmmədov. Fizulinin sosyal fəlsəfəsi. “Maarif” nəşriyyatı. Bakı, 1994
A. H.S.Hüseynoğlu.Xətayi və Fizuli. “Ozon” nəşriyyatı. Bakı, 2000.
H.Araslı. Böyük Azərbaycan şairi Fizuli. Bakı, 1958.
B. Feyzullazadə. Fizulinin ömür yolu. “Azərbaycan” nəşriyyatı. Bakı, 1995.




Druckbare Version